Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, İraqın nəqliyyat naziri Rezzak Muheybes əs-Sədavi, Qətərin nəqliyyat və kommunikasiya naziri Casim bin Seyf es-Sulayti və BƏƏ-nin energetika və infrastruktur naziri Süheyl bin Məhəmməd əl-Mezruinin iştirakı ilə “İnkişaf Yolu” Layihəsi ilə bağlı dördtərəfli əməkdaşlığa dair anlaşma memorandumu imzalandı.
Avqustun 29-da isə Türkiyədə “İnkişaf Yolu” Layihəsi 1-ci Nazirlər Şurası Toplantısı keçirilib. Uraloğlu toplantıdan sonra verdiyi açıqlamada bildirib: “İnkişaf Yolu” Layihəsi təkcə bu dörd ölkə üçün deyil, həm də regionun coğrafiyası və qlobal təchizat zəncirləri üçün çox mühüm layihədir”. O, Türkiyənin layihə ilə bağlı gözləntilərini ortaya qoyub.
Bundan başqa, Uraloğlu vurğulayırdı: “Artıq heç kim təkbaşına zəngin deyil və ya özü-özünü təmin edə bilmir. Artıq qazan-qazan dövrüdür”. O, Türkiyənin xarici siyasətə baxışını da ifadə edib. Çünki Uraloğlunun bu açıqlaması Türkiyənin xarici siyasətində son dövrün ən mühüm fenomenini təmsil edirdi. Bu hadisəni bir anlayışla ifadə etsək, bunu “əlaqəlilik” kimi izah edə bilərik.
Əlaqəliliyin təməl daşı: “İnkişaf Yolu” Layihəsi
Mövcud vəziyyətə görə, “İnkişaf Yolu” Layihəsi Türkiyənin əlaqəliliyi baxımından ən mühüm təməl daşlardan biri kimi görünür. Çünki “İnkişaf Yolu” Layihəsi Fars körfəzini Avropaya birləşdirəcək “ən qısa layihə” kimi önə çıxır. Layihə başa çatdıqdan sonra Fars körfəzindən Avropaya ticarət dövrünün 12-15 gün qısalması gözlənilir. Bu, nəinki vaxtı qısaldır, həm də nəqliyyat xərclərini azaldır. Bundan əlavə, “İnkişaf Yolu” Layihəsi regional əməkdaşlığın artırılmasında rol oynaya bilər.
Layihənin hazırda 4 ölkə tərəfindən həyata keçirilməsinə baxmayaraq, layihənin irəliləməsi istiqamətində atılacaq addımlar nəticəsində digər regional dövlətlər kimi qlobal aktorların da “İnkişaf Yolu” ilə maraqlanması mümkün ola bilər. Uraloğlunun qeyd etdiyi kimi, Türkiyə “İnkişaf Yolu” Layihəsini rəqabət elementi kimi deyil, tamamlayıcı və dəstəkləyici layihə kimi görür və müəyyənləşdirir. “İnkişaf Yolu” Layihəsi 1-ci Nazirlər Şurası Toplantısı ilə bağlı verilən açıqlamaları nəzərə alsaq, layihənin digər ölkələrin də iştirakına və dəstəyinə açıq olduğunu söyləmək səhv olmaz.
Layihə hansı mərhələdədir?
“İnkişaf Yolu” uzunmüddətli təqvimi olan beş ayaqlı bir layihədir. Layihənin ən mühüm sütunlarından biri Bəsrədə inşa edilən Böyük Fav Limanıdır. Limanın 90 faizi tamamlanıb. İlk gəminin 2025-ci ilin sonunda limana yan alması gözlənilir. Sahəsi 54 kvadrat kilometr olan Böyük Fav Limanı Yaxın Şərqin ən böyük limanı olacaq. Liman 14 kilometrdən çox dalğaqıran ölçüsü ilə Ginnesin Rekordlar Kitabına düşüb. Hətta bu, layihənin təxəyyülünü göstərir.
Digər tərəfdən Türkiyə sərhədinə qədər dəmir yolu xəttinin texniki-iqtisadi əsaslandırması tamamlanıb. Layihənin magistral yolu İraqın on əyalətindən keçəcək. Türkiyə Kapıkuleyə qədər uzanacaq yeni yollar planlaşdırır. Mersin və İskəndərun limanlarından da istifadə olunacaq.
Türkiyə Halkalı-Kapıkule arasında ümumi uzunluğu 229 kilometr olan, iki yollu, elektrik və siqnallı, həm yük, həm də sərnişin daşıya bilən yeni sürətli qatar xəttinin inşasına başlayıb. Bu xəttin 153 kilometrlik Çerkezköy-Kapıkule hissəsinin 2025-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır. Bu hədəflər addım-addım həyata keçirildikcə, yəni layihə konkretləşdikcə marağın artması və digər dövlətlərin də ona dəstək verməsi ehtimalı xeyli artır. Çünki Yaxın Şərqdəki qeyri-sabitlik, Rusiya-Ukrayna müharibəsi, qlobal rəqabət kimi amillər layihəyə “hələlik” ehtiyatlı yanaşmağa səbəb olur.
Layihə qlobal miqyasda maraq doğurur
Yaxın Şərq coğrafiyasının mərkəzi ölkəsi olan İraqda sabitliyi təmin edəcək layihənin mərhələli şəkildə həyata keçirilməsi “İnkişaf Yolu”na marağı artıracaq. Əslində, Rusiya-Ukrayna müharibəsindən sonra enerji resurslarını şaxələndirmək istəyən Avropa ölkələri də hələlik konkret münasibət bəsləməsələr də, layihəyə müsbət baxmağa başlayacaqlar. Digər tərəfdən, Amerika Birləşmiş Ştatları (ABŞ), Çin və Rusiya kimi qlobal güclərin də “İnkişaf Yolu” layihəsini uzaqdan, lakin diqqətlə izlədiklərini desək, yanılmarıq. Hətta Çinin sırf “İnkişaf Yolu” Layihəsini izləmək üçün dövlət səviyyəsində xüsusi bölmə yaratdığı deyilir.
Təkcə bu, layihənin nə qədər maraq doğurduğunun göstəricisidir. “İnkişaf Yolu” Layihəsinin rəqabət elementi kimi deyil, tamamlayıcı və dəstəkləyici layihə kimi təqdim edilməsi layihəyə baxışı müsbət səviyyəyə qaldırır. Hələ çox uzun bir yol olsa da, layihənin möhkəm və konkret addımlarla irəliləməsi üçün ciddi səylər göstərilir.
Sevinc Əliyeva
Ordu.az